Təhrif olunmuş Tövratın içində gizlənən haqq kitab

Təhrif olunmuş Tövratdakı gözəl və hikmətli açıqlamaları imanın nuru ilə görmək

Tövrat Allahın hz Musaya vəhy etdiyi mübarək bir kitabdır. Allah bir Quran ayəsində Tövratın "nur" olaraq endirildiyini bildirir:

Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular... (Maidə surəsi, 44)

“Ənam” surəsində isə hz Musaya endirilən kitabın "hidayət və rəhmət" olduğu belə bildirilir:

Sonra Biz Musaya – yaxşı iş görən kimsəyə (nemətimizi) tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yolu göstərən bir rəhbər və mərhəmət olaraq Kitab verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr.  (Ənam surəsi, 154)

Ayrıca Quranda Musaya vəhy edilən kitabın insanlara "yol göstərici" edildiyi (Səcdə surəsi, 23); "rəhbər və rəhmət" olduğu (Əhqaf surəsi, 12); onları "qaranlıqlardan nura çıxarması" üçün endirildiyi (İbrahim surəsi, 5); "Rəblərindən qorxanlar üçün hidayət və  rəhmət" olduğu (Əraf surəsi, 154) və bu kitabda "hər şeydən öyüd-nəsihət və hər şeyin təfsilatı" olduğu (Əraf surəsi, 145) bildirilir.
Günümüzdəki Tövrat Quran ayələri və Peyğəmbər əfəndimizin (s.ə.v.) hədisləri ilə birlikdə araşdırıldığında içində haqq dinə aid bir çox mövzunun qorunduğu və bir çox gözəl və hikmətli açıqlamaların olduğu görünər. Allahın birliyi, Allah qorxusu, Allah sevgisi, Allaha itaət və təslimiyyət, şükür və dua, iman çoşğusu və sevinci, yenidən diriliş, qiyamət günü kimi inanc əsaslarının təhrif olunmuş Tövratda dağınıq da olsa, mövcud olduğu görünür. Bundan başqa günümüzdəki Tövratda ədalət, şəfqət, mərhəmət, təvazökarlıq kimi əxlaqi dəyərlərlə yanaşı oğurluq etməmək, zinadan çəkinmək, hiylə etməmək, faizlə pul istifadə etməmək, donuz əti yeməmək kimi haqq dinə aid bir çox hökmlərə də rast gəlmək olar.

Lakin Tövrat yenə Quranda bildirildiyi kimi, sonradan təhrif edilmiş və içinə insan sözləri qatılaraq haqq kitab  xüsusiyyətini itirmişdir. Bu səbəblə, bu gün əlimizdəki Tövrat "təhrif edilmiş Tövrat"dır. Tövratın dəyişildiyi və təhrif olunduğu  Quranda bu ayələrlə bildirilir:

Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə (islama) tənə vurmaq məqsədilə (sənə qarşı): “Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan (kar olasan) və raina”, - deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!”,- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lənətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir. (Nisa surəsi, 46)

 

Siz sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər. (Bəqərə surəsi, 75)

 

Verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər. Onlar (özlərinə )öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir. (Maidə surəsi, 13)

 

Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): “İnandıq”, deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişib təhrif edir və deyirlər: “Əgər sizə bu (təhrif olunmuş dini hökm) verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçının”. Allahın fitnəyə (azğınlığa) düşməsini istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük (dəhşətli) bir əzab gözləyir! Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər! (Maidə surəsi, 41-42)

“Ali-İmran” surəsində isə Allah "Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?" (Ali-İmran surəsi, 71) deyə buyurur. Bir başqa Quran ayəsində uca Rəbbimiz İsrail oğullarını Tövratla əlaqədar belə xəbərdar edir:

 

"...İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər! " (Maidə surəsi, 44)

Ayələrdə də xəbər verildiyi kimi, Tövratda haqq olduğuna hüsnü-zənn etdiyimiz qisimlərlə yanaşı, əhəmiyyətli pozulmalar da mövcuddur. Axirət inancı dinin gərəyi olduğu halda bu inanca aid izahların çoxu çıxarılmış, hətta bunu rədd edən ifadələr qoyulmuş (Vaiz 9:5-6; Vaiz 1:4); Peyğəmbərlərlə bağlı böhtan mahiyyəti daşıyan ifadələr əlavə olunmuş (Huşə 12:3; Yaradılış 32:28; Yeremya 23:14; Qanunun təkrarı 18:20 22); hamısından önəmlisi hər cür nöqsandan münəzzəh olan uca Rəbbimizin Zatına yönələn səhv izahlara (Yaradılış 2:2; Misirdən çıxış 34:14; Yaradılış 5:1 Yeşaya 51:9; Zəbur 74:23; Yeşaya 63:9; Yeremya 31:9; 2 Padşahlar 17:17-18) və buna bənzər batil inanc və açıqlamalara yer verilmişdir (Allahı tənzih edirik). Tövratın endirildiyi İsrail oğulları arasında hz Musanın öndərliyində ikən belə Allahın hökmlərinə tabe olmayanlar və hz Musaya baş qaldıranlar olmuşdur. Bəzi İsrail oğullarının bu üsyankarlığı həm Quranda, həm də Tövratda təfsilatı ilə açıqlanmışdır. Quran ayələrində belə bildirilir:

De: “Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!” İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi.Onlar etdikləri pis əməldən əl çəkmirdilər. Onların gördükləri iş necə də pis idi!Onların (kitab əhlinin) bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey (küfr) necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır! Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar, onları (kafirləri) özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən çıxmış fasiqdirlər! (Maidə surəsi, 77-81)

“Ənam” surəsinin 91-ci ayəsində isə Rəbbimiz İsrail oğullarının hz Musaya endirilən kitabın çoxunu göz ardı etdiklərini belə bildirir:

Onlar: “Allah heç bir bəşərə bir şey (Quran) nazil etməmişdir”, - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz (Quran vasitəsilə) özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ya Rəsulum!) Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər). (Ənam surəsi, 91)


Allahın hikməti olaraq Tövratda da hz Musanın qövmü haqqında özündən sonra Tövrat hökmlərini pozacaqlarını düşündüyü və kitabı qorumağa ehtiyac hiss etdiyi açıqlanır:

Musa Qanunun sözlərini əskiksiz olaraq kitaba yazmağı bitirincə Rəbbin razılaşma sandığını daşıyan levililərə bu tapşırığı verdi: "Bu Qanun kitabını alın, Allahınız olan Rəbbin razılaşma sandığının yanına qoyun. Orada sizə qarşı bir şahid kimi qalsın. Çünki sizin baş qaldıran, dikbaş adamlar olduğunuzu bilirəm. Bu gün mən sağ ikən, aranızda ikən belə Rəbbə qarşı çıxırsınız; ölümümdən sonra daha nə qədər çox baş qaldıracaqsınız. Oymaqlarınızın bütün irəli gələnlərini, vəzifəlilərinizi yanıma gətirin. Bu sözləri onlara eşitdirəcəyəm. Yeri, göyü onlara qarşı şahid tutacağam. Ölümümdən sonra tamamilə pozulacağınızı, sizə buyurduğum yoldan sapacağınızı bilirəm. Son günlərdə pisliklərlə qarşılaşacaqsınız. Çünki Rəbbin gözündə pis olanı edəcək və etdiklərinizlə Onu hirsləndirəcəksiniz." (Qanunun təkrarı; 31:24-29)

Dərhal ifadə etmək lazımdır ki, söz mövzusu adamlar hz Musanın təbliğ etdiyi haqq dini qəbul etməmiş, bu səbəblə, degenerasiya etməyə cürət edən, səmimiyyətsiz və mənfəətgüdən insanlardır. Bununla yanaşı, şübhəsiz səmimi şəkildə Allaha inanan və Rəbbimizə qulluq etməyə çalışan bir çox dindar yəhudi haham və digər din adamları da tarix boyunca yəhudilikdə mövcud olmuşdur. Allah Quranda bu səmimi, gözəl əxlaqlı yəhudilərdən belə xəbər verir:

Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olanlara  inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)

Tövratın pozulan bu qisimləri şeytanın müdaxiləsinin, təsirinin hiss olunduğu hissələrdir. Bunlar təmizləndiyində geriyə şeytani müdaxiləyə məruz qalmamış qisimlər qalır. Bu da təhrif olunmuş Tövratdakı dəyişdirilmiş, sonradan əlavə olunmuş hissələr diqqətli şəkildə ayrıldıqda həqiqi Tövratın ortaya çıxacağı mənasını verir. (Doğrusunu Allah bilir.) Bu ayrılmış hissələr oxunarkən qəlbə şəfa olan, ruha nur və fərahlıq verən sözlərdir. “Maidə” surəsinin 44-cü ayəsində bildirildiyi kimi, "hidayət və nur" olan qisimlərdir. Hazırda oxuduğunuz bu kitabda yer alan Tövrat izahları da yalnız Quran ayələrinə və Peyğəmbərimizin (s.ə.v.) sünnəsinə uyğun hissələr və hikmətli, gözəl nəsihətlərdir.

 

Tövratda axirət inancının olmaması onun təhrif olunmuş bir kitab olduğunu göstərir

Axirət inancı dinin təməlidir və imanın əsaslarındandır. Axirətə iman olmadan din olmaz, imtahan mühiti qalmaz, yaxşılarla pislər bir olar. Bu da Allahın dünyanı nöqsanları ilə müvəqqəti yaratmaq məqsədinə və Rəbbimizin sonsuz ədalətinə ziddir. İlahi ədalətin reallaşması, yaxşılarla pislərin ayrılması, hər kəsin layiq olduğu qarşılığı alması axirətdə reallaşacaq. Dünya həyatı müvəqqəti qaldığımız bir imtahan yeridir. Heç kimin bu dünyada etdikləri qarşılıqsız qalmayacaq. Allah axirətdə ədalətini təcəlli edəcək və heç kimə "xurma çəyirdəyindəki tel qədər zülm edilməyəcəkdir" (İsra surəsi, 71). Bu Allahın İlahi ədalətinin gərəyidir.

Bir adamın dünyada hər cür əxlaqsızlığı edib həyatının ölümlə sona çatması və etdiklərinin qarşılığını görməməsi Allahın ilahilik xüsusiyyətinə uyğun deyil. Möminlər axirətə qəti bir bilgi ilə iman edər və Allahın razılığını qazanmaq, Allahın əzabından qorunmaq üçün ümid və qorxu arasında dünya həyatlarının son anına qədər səy göstərərlər. Quranda Allah möminlərin axirətə inanclarını belə bildirir:

O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır. (Bəqərə surəsi, 3-5)

Allah kitab əhli olan yəhudilərdən müttəqi olanların da axirət gününə iman etdiklərini belə bildirir:

... Kitab əhli içərisində düzgün  bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır! (Ali-İmran surəsi, 113-115)

İnkarçılarla iman edənlərin ayrılacağı, Allaha imanda səmimi olanlarla saxtakarların ortaya çıxacağı axirət həyatının varlığı Tövratın və İncilin Rəbbimizin Qatından endirildiyi haqq hallarında və Quranda vardır. Bu həqiqət Quranda “Tövbə” surəsinin 111-ci ayəsində belə bildirilir:

 

Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tövbə surəsi, 111)

Quranda yüzlərlə ayədə axirət həyatı və qiyamət gününə aid məlumat varkən Tövratda belə həyati, dinin təməli olan bir mövzuda haradasa dəqiq bir məlumat yoxdur. Hətta buna görə bir qisim yəhudi məzhəbləri axirətin olduğuna inanmırlar. Tövratda axirətlə əlaqəli çox az saydakı izahlar isə ancaq Quran ayələri ilə birlikdə düşünüldükdə nəzərdə tutulan aydın olur. Tövratın haqq olaraq qorunmadığının önəmli əlamətlərindən biri axirət inancının çıxarılıb yerinə dünyanın sonsuza qədər davam edəcəyi, həyatın ölümlə sona çatacağına yönələn səhv izahların əlavə olunmasıdır (Vaiz, 9:5-6; Vaiz, 1:4). Bu cür əlavələr edənlər, dünyəvi mənfəətlərinə uyğun gəlməyən qisimləri dəyişdirənlər saxtakar, imansız insanlardır. Bu təhrif olan qisimlər ehtimalla o dövrün dinsizlərinin əxlaqsızlıqlarına və mənfəətlərinə bəhanə gətirmək cəhdləridir.

Necə ki, Tövratda da "saxta" peyğəmbərlərdən çox bəhs edilmiş, onların Allah adına yalan danışdıqları bildirilmişdir:
"Peyğəmbər də, kahin də Allahsızdılr; məbədimdə belə pisliklərini gördüm" deyir Rəbb. "Yerusəlim peyğəmbərləri arasında bu qorxunc şeyi gördüm: Zina edirlər, yalan arxasındadırlar. Pislik edənləri gücləndirdiklərindən heç kim pisliyindən dönmür…". Bu səbəblə, hər şeyə hakim Rəbb peyğəmbərlər üçün belə deyir: "… Allahsızlığın bütün ölkəyə yayılmasına səbəb oldular". Hər şeyə hakim Rəbb deyir ki, "Sizə peyğəmbərlik edən peyğəmbərlərin dediklərinə qulaq asmayın, onlar sizi aldadır. Rəbbin ağzından çıxanları deyil, öz düşündükləri fikirləri izah edirlər. Məni küçümsəyənlərə davamlı olaraq “Rəbb deyir ki: Siz xoşbəxt olacaqsınız!” deyirlər. Ürəklərinin inadcıllığı yönü ilə davrananlara “Başınıza fəlakət gəlməyəcək” deyirlər. Bu peyğəmbərləri mən göndərmədim, amma tezcə ortaya çıxdılar. Onlara heç səslənmədim, yenə də peyğəmbərlik etdilər. "Adımla yalançı peyğəmbərlik edənlərin nə dediklərini eşitdim… Özlərindən uydurduqları hiylələri yazan bu yalançı peyğəmbərlər nə vaxtadək bunu davam etdirəcəklər?... Budur, buna görə sözlərimi bir-birlərindən oğurlayan peyğəmbərlərə qarşıyam" deyir Rəbb. "Bəli, öz sözlərini söyləyib “Rəbb belə deyir” deyən peyğəmbərlərə qarşıyam" deyir Rəbb… "Mən onları nə göndərdim, nə də təyin etdim. Bu xalqa heç bir  faydaları yoxdur" deyir Rəbb… Bundan belə, “Rəbbin bildirişi” sözünü ağzınıza almayacaqsınız. Hər kəsin sözü öz bilgisi olsun… Hər şeyə hakim Rəbbin… sözlərini təhrif edirsiniz siz. (Yeremya, 23:11-36)

Tövratda bəhsi keçən və Allah adına yalan danışan saxta din adamları Allaha qarşı gələnlərə etdiklərində görə başlarına bir iş gəlməyəcəyini söyləyirlər. Bu da Allah adına yalan danışanların axirət inancını ortadan qaldırmağa yönələn saxtakarlıqlarıdır.
Quran təhrif olunmuş Tövratdakı bütün bu əskikləri aradan qaldıran, içindəki haqq izahları təsdiqləyən və həmçinin Tövratın içindəki səhvləri açıqlayan və ortadan qaldıran bir kitab olaraq endirilmişdir. Beləcə, anlaşılmayan mövzular açıqlanmış, sonradan əlavə edilən batil və səhv inanclar təmizlənmişdir. Dolayısı ilə Tövratın Quranla uyğun gələn, Quranın təsdiq etdiyi qisimləri gerçək Tövrata aid haqq izahlardır. Allah Quranın bu yönünün aağıdakı ayələrdə xəbər vermişdir:

Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə (onu inkar etdilər). Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları (peyğəmbər) gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin! (Bəqərə surəsi, 89)

 

Onlara: “Allahın nazil etdiyinə inanın!”– deyildikdə, onlar: “Biz özümüzə nazil edilənə inanırıq”– deyib onun ardınca gələni inkar edirlər. Halbuki (Quran) onların yanında olanı təsdiqləyən bir həqiqətdir. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?” (Bəqərə surəsi, 91)

 

 

Hz Mehdi təhrif olunmuş Tövratdan haqq Tövratı çıxaracaq

Peyğəmbərimiz (s.ə.v.) axırzamanda gələcək hz Mehdinin Tövratı açıqlayacağını bildirmişdir. Allahın izni ilə Tövratın təhrif olmuş qisimlərindən təmizlənmiş, Qurana uyğun hissələrinin ortaya çıxarılması hz Mehdinin gəliş əlamətlərindən biridir. Peyğəmbərimizin (s.ə.v.) hədislərində bu mövzu belə yer almışdır:

Cabir bin Yezid əl-Cofi imam Muhəmməd Baqirdən rəvayət edir: “…Mehdinin Mehdi adlandırılmasının səbəbi budur ki, gizli bir işə yönləndiriləcək, Tövrat və digər səmavi kitabları Antakyada bir mağaradan çıxaracaq və yəhudilər arasında Tövratla, xristianlar arasında da İncillə hökm edəcək”.

Harun bin Məruf Zəmrə bin Rəbiyədən, Abdullah bin Şevzəbdən rəvayət edir:
Şübhəsiz ki, Mehdi Mehdi deyə adlandırılmışdır. Çünki O, Şam dağlarından bir dağa doğru hidayət olunar (yönləndirilər), "Tövrat" kitablarını oradan çıxarar və onlara əsaslanıb yəhudilərlə müzakirə edər və (nəticədə) bir qrup yəhudi onun əli ilə müsəlman olar.
Muhəmməd bin Əli əs-Süləmi imam Muhəmməd Baqirdən rəvayət edir:
Mehdinin Mehdi adlandırılmasının səbəbi budur ki, gizli bir işə doğru yönləndiriləcək, xalqın könlündə olan şeylərə hidayət olacaq... Tövratı Antakyada bir mağaradan çıxararaq...

"Ona Mehdi deyilməsinin səbəbi Şamdakı dağlardan birinə yönəlməsidir. Oradan (həqiqi) Tövrat kitablarını çıxaracaq, yəhudilərə qarşı dəlil gətirəcək". (Süyuti, əl-Havi lil-Fətəva, II. 81)

Hədisdə hz Mehdinin "Şam dağlarından bir dağa doğru yönələcəyi" bildirilir. Şam axırzaman hədislərindəki açıqlamalarda "uzaq bir yer, Məkkə və Mədinəyə uzaq olan" mənasını da daşıyır. Bu bənzətmə düşünüldükdə Tövratın müqəddəs şəhərlərdən uzaq bir yerdə ortaya çıxarılacağı aydın olur. Zamanla hədisdə bildirilən ifadələrin doğru mənası düşünülərək mağaralarda Tövrat axtarıldığı da olur. Ancaq "Həqiqi Tövrat" əslində günümüzdəki Tövratın içində gizlənmişdir. Əlbəttə ki, Tövratın haqq halının olması üçün mağaralara da baxıla bilər. Lakin nəzərdə tutulanın ən əmin yer kimi birbaşa Tövratın öz içi olduğu aydın olur. hz Mehdi də insanların gözündən gizlənib saxlanmış həqiqi Tövratı təhrif olunmuş Tövratdan çıxaracaq. (Ən doğrusunu Allah bilir.)
Məşhur yəhudi alimi İbni Meymun (Maimonides) Tövratdakı Qanunların açıqlaması olan kitabında Mehdinin (onların təsviri ilə Məsihin) xüsusiyyətlərindən birini belə açıqlayır:


“... Onun (Mehdinin) dövründə (Tövratın) bütün qanunları əvvəldə olduğu kimi əvvəlki halına gətiriləcək... (Maimonides, Mişna Tora, Padşahların qanunları 11:4)

Yəhudilər  axırzamanda gələcək Mehdinin yer üzünü Allaha imanla dolduracağına (Yeşaya, 11:9), Allahdan elm və hikmətlə hərəkət edəcəyinə (Yeşaya, 11:2) və Tövratdakı Allahın əmrlərinin Musa dövründəki kimi tətbiq olunacağına inanırlar. İndiki dövrdə dindar yəhudilər gəlişini şövq və ümidlə gözlədikləri hz Mehdinin Tövratı açıqlayacağına və anlaşılmazlıq mövzusu olan sualları cavablandıracağına da inanırlar.

Necə ki, hədislərdə də Peyğəmbərimiz (s.ə.v.) hz Mehdinin yəhudilərə Tövratla hökm edəcəyini xəbər vermişdir. Buna Quranda da işarə edilmişdir. (Ən doğrusunu Allah bilir.) Allah Peyğəmbərimiz hz Muhəmmədə (s.ə.v.) belə bildirir:

Tövrat göndərilməmişdən əvvəl İsrailin  yalnız özü özünə haram etdiyi şeylərdən başqa bütün təamlar  İsrail övladına halal idi. (Ya Rəsulum! Yəhudilərə) de: “Əgər doğru danışanlarsınızsa, (düzgün, əsl) Tövratı gətirin və onu oxuyun!” (Ali-İmran surəsi, 93)

Əlinizdəki bu kitab  hz Mehdinin gəlişinə zəmin hazırlamaq niyyəti ilə təşkil edilmiş cüzi bir səydir. Hz Mehdi müjdəsini gözləyən və onun gəlişinə hazırlaşan müsəlmanların Peyğəmbərimizin (s.ə.v.) hədisləri və Quran işığında Tövratdan pozulmadığına qərara gəldiyimiz izahları bilmələri ayrı bir gözəllik olacaq.


Əlbəttə ki, müsəlmanlar yalnız Qurana tabe olmağa vəzifəlidir. Lakin Tövratdan Allahın sözləri olduğuna hüsnü-zənn etdiyimiz qisimlər üzərində düşünə bilər, bunlardan öyüd ala bilər və hikmətindən faydalana bilərlər. Allahın izni ilə bu kitab da müsəlmanların imanın güclənməsinə bir vəsilə, dindar yəhudilərdən səmimiyyətlə səhv izahlara uyanlar üçün də bir nəsihət və xatırlatma olacaq.

Geri