Tövratda Allahı anmaq və gözəl söz söyləməyin əhəmiyyəti

Tövratda Allahı anmaq

Gördüyün hər işdə Rəbbi an, O, sənin yolunu düzə çıxarar. (Süleymanın məsəlləri, 3:6)
Qanun kitabında yazılanları dilindən salma. Hamısını diqqətlə yerinə yetirmək üçün gecə-gündüz onu düşün. O zaman müvəffəqiyyətli olacaq və məqsədinə çatacaqsan. (Yeşua, 1:8)
Bu sözlərimi ağlınızda və ürəyinizdə saxlayın... Onları uşaqlarınıza öyrədin. Evinizdə oturarkən, yolda gedərkən, yatarkən, qalxarkən onlardan danışın. (Qanunun təkrarı, 11:18-19)
Ağzımdan Sənə tərif azalmaz, gün boyu ucalığını xatırlayıram. (Zəbur, 71:8)
Gecə adını xatırlayıram ya Rəbb, qanununa tabeyəm. (Zəbur, 119:55)
Həmişə Rəbbə təriflər deyəcəyəm, tərifi dilimdən düşməyəcək. Rəbblə öyünürəm… Mənimlə birlikdə Rəbbin böyüklüyünü bildirin, adını birlikdə ucaldaq. (Zəbur, 31:1-3)
… Rəbbin qanunu həmişə ağzınızda olsun. Çünki Rəbb güclü əli ilə sizi Misirdən çıxardı. (Misirdən çıxış, 13:9)
Allahın sözü sizə çox yaxındır; tabe olmağınız üçün ağzınızda və ürəyinizdədir. (Qanunun təkrarı, 30:14)
Mənimlə birlikdə Rəbbin böyüklüyünü bildirin, adını birlikdə ucaldaq. (Zəbur, 34:3)
O gün deyəcəksiniz ki, "Rəbbə şükr edin, Ona yalvarın, xalqlara bildirin etdiklərini, adının uca olduğunu çatdırın! Rəbbi tərənnüm edin, çünki möhtəşəm işlər etdi. Bütün dünya bilsin bunu. (Yeşaya, 12:4-5)
Ey bütün xalqlar, Rəbbi öyün, Rəbbin gücünü, ucalığını öyün. (1 Salnamələr, 16:28)
Ey Allah, məni qurtaran Allah, dilim Sənin xilasını ilahilərlə tərifləsin. Ya Rəbb, aç dodaqlarımı, ağzım Sənin təriflərini eşitdirsin. (Zəbur, 51:14-15)
Rəbbin ruhu mənim vasitəmlə danışır, sözü dilimin ucundadır. (2 Şamuel, 23:2)
Mən isə gücün üçün səhər tərənnüm edəcək, sevgini sevinclə dilə gətirəcəyəm. Çünki Sən mənə qala, çətin günümdə sığınacaq oldun. Gücüm Sənsən, Səni ilahilərlə tərifləyəcəyəm; çünki qalam və məni sevən Allah Sənsən. (Zəbur, 59:16-17)
Ağzımla Ona yalvardım, tərifi dilimdən düşmədi. (Zəbur, 66:17)
Səni ilahilərlə tərifləyərkən dodaqlarımla, varlığımla sevincimi dilə gətirəcəyəm. Çünki Sən məni qurtardın. Dilim gün boyu Sənin zəfərindən danışacaq… (Zəbur, 71:23-24)
… Belə desinlər davamlı: "Qulunun xoşbəxtliyindən xoşlanan Rəbb ucalsın!" O zaman gün boyu ədalətin, təriflərin dilimdən düşməyəcək. (Zəbur, 35:27-28)
Sözlərimi ürəyində saxlasan, xoşbəxt olarsan. Onlar həmişə hazır olsun dodaqlarında. (Süleymanın məsəlləri, 22:18)
Sənin sevgin həyatdan yaxşıdır; buna görə dodaqlarım Səni ucaldar. Ömrüm boyu Sənə təriflər deyəcəyəm, Sənin adınla əllərimi qaldıracağam… Ağzım Sənə təriflər deyəcək. (Zəbur, 63:3-5)
Ağzından çıxan bütün hökmləri dodaqlarımla təkrarlayıram. Sevinc duyuram öyüdlərini izləyərkən, sanki mənim olur bütün xəzinələr… Dodaqlarımdan təriflər çıxsın, çünki mənə qaydalarını öyrədirsən. Dilimdə sözün tərənnümə çevrilsin, çünki bütün buyruqların doğrudur. (Zəbur, 119:13-14, 171-172)
... Bu qanunu onlara oxuyacaqsınız. Xalqı -kişiləri, qadınları, uşaqları və şəhərlərinizdə yaşayan qəribləri toplayın. Belə ki, hər kəs eşidib öyrənsin, Allahınız Rəbbdən qorxsun. Bu qanunun bütün sözlərinə uymağa diqqət yetirsin. Qanunu bilməyən uşaqlar da eşitsinlər... Allahınız Rəbbdən qorxmağı öyrənsinlər. (Qanunun təkrarı, 31:11-13)
… Sonsuza qədər şükür edəcəyik Sənə, nəsillər boyu təriflərini dilimizdən salmayacağıq. (Zəbur, 79:13)
Rəbb deyir ki, "… Üzərindəki ruhum, ağzına qoyduğum sözlər indidən sonsuza qədər sənin, uşaqlarının və nəvələrinin ağzından düşməyəcək". (Yeşaya, 59:20-21)
Bu gün sizə verdiyim bu buyruqları ağlınızda tutun. Onları uşaqlarınıza mənimsədin. Evinizdə oturarkən, yolda gedərkən, yatarkən, qalxarkən onlardan danışın. (Qanunun təkrarı, 6:5-7)

 

 

Tövratda doğru söz söyləmək

Doğrunun ağzından müdriklik axar, dilindən ədalət damlayar. Allahının qanunu ürəyindədir, ayağı büdrəməz. (Zəbur, 37:30-31)
Kim həyatdan zövq alıb yaxşı günlər görmək istəyirsə, dilini pislikdən, dodaqlarını yalandan uzaq tutsun. (Zəbur, 34:12-13)
Etməyiniz lazım olanlar bunlardır: Bir-birinizə doğrunu söyləyin... Yalan yerə and içməkdən çəkinin..." Belə deyir Rəbb. (Zəkəriyyə, 8:16-17)
Dürüst şahid doğrunu söyləyər, yalançı şahid isə hiylə tənəffüs edər… Həqiqi sözlər sonsuza qədər qalıcıdır, halbuki yalanın ömrü bir anlıqdır. Pislik hazırlayanın qəlbi hiyləgər, sülhü nəsihət edənin qəlbi isə sevinclidir. Doğru adama heç zərər gəlməz, pisin başı isə bəladan xilas olmaz. Rəbb yalançı dodaqlardan nifrət edər, amma həqiqətə uyanlardan razı qalar. (Süleymanın məsəlləri, 12:17-22)
Doğru adamın ağzı həyat mənbəyidir, pislər isə zülmlərini sözlə gizləyərlər. (Süleymanın məsəlləri, 10:11)
Doğru adam müdrik danışar, azğın dil isə kəsilər. Doğru adamın dodaqları deyiləcək sözü bilər, pisin ağzından isə azğın sözlər çıxar. (Süleymanın məsəlləri, 10:31-32)
Doğru adam yalandan nifrət edər, pisin sözləri isə iyrəncdir, həqarətdir. (Süleymanın məsəlləri, 13:5)
Qərar verdim: "Addımlarıma diqqət yetirəcəyəm, dilimi günahdan qoruyacağam; qarşımda pis biri olduqca ağzımı yumacağam”. (Zəbur, 39:1)
Doğru öyüd ağzında idi. Dodaqlarında hiylə yox idi. Mənimlə xoşbəxtlik və düzgünlük içində getdi. Bir çoxlarını da günah yolundan çevirdi. (Malaki, 2:6)
… Ağzımı doğruları söyləmək üçün açaram. Ağzım həqiqəti eşitdirər, çünki dodaqlarım pislikdən nifrət edir. Ağzımdan çıxan hər söz doğrudur, yoxdur əyri və ya  sapmış olanı. Açıq-aşkardır hamısı anlayana; biliyə çatan doğruluğunu bilər onların. (Süleymanın məsəlləri, 8:6-9)
Ağzında yalanla gəzən adam soysuz və fəsadçıdır. (Süleymanın məsəlləri, 6:12)
Etibarlı şahid yalan danışmaz, yalançı şahid isə yalan nəfəs alar. (Süleymanın məsəlləri, 14:5)
Yalandan zövq alarlar. Ağızları ilə xeyir-dua edərkən daxilən lənətləyərlər. (Zəbur, 62:4)
… Ürəyi nifrət dolu adam sözləri ilə niyyətini gizləməyə çalışar, amma içi hiylə ilə doludur. (Süleymanın məsəlləri, 26:23-24)
İçimdə həyat əlaməti olduğu müddətcə, Allahın nəfəsi burnumda olduğu müddətcə ağzımdan pis söz, dilimdən də yalan çıxmayacaq. (Əyyub, 27:3-4)
Nə üçün pisliyinlə öyünürsən ey lovğa? Allahın sadiq qullarına qarşı bütün gün dilin müsibət hazırlayır. İti ülgüc kimi, ey hiyləgər. Yaxşılıqdan çox pisliyi, doğru danışmaqdan çox yalanı sevirsən. Ey səni hiyləgər! Hər zərərli sözü sevirsən. Amma Allah səni sonsuza qədər məhv edəcək… Həyat diyarından kökünü kəsəcək. (Zəbur, 52:1-5)
Sussun o yalançı dodaqlar; doğru insana qarşı qürurla yuxarıdan baxıb, küçümsəyib danışan dodaqlar. (Zəbur, 31:18)
Ağzından pislik və yalan çıxar, ağıllanmaqdan və yaxşılıq etməkdən imtina etmişdir. (Zəbur, 36:3)
Başqasına qarşı yalançı şahidlik edən toppuz, qılınc və ya  iti ox kimidir… Şimaldan əsən külək necə yağış gətirirsə, böhtançı dil də qəzəbli baxışa gətirib çıxarar. (Süleymanın məsəlləri, 25:18, 23)
Yalançı dil incitdiyi kəslərdən nifrət edər... (Süleymanın məsəlləri, 26:28)
Ya Rəbb, qurtar məni yalançı dodaqlardan, hiyləgər dillərdən! (Zəbur, 120:1)
… Dodaqlarınız yalan, diliniz ayıb danışır. Mühakiməsini ədalətlə qaldıran və dürüst müdafiə edən yoxdur. Mənasız sözlərə güvənir, yalan danışırlar. Fəsada hamilə qalıb pislik doğurlar. (Yeşaya, 59:3-4)
Dost dostu aldadır, heç kim həqiqəti söyləmir. Dillərinə yalan danışmağı öyrətdilər, günah işləyə-işləyə yoruldular… Dilləri öldürücü bir oxdur, həmişə aldadır. Qonşusuna xoşbəxtlik diləyir, amma içində ona tələ qurur. (Yeremya, 9:5, 8)
Ağzını pislik üçün istifadə edib dilini yalana yönəldirsən. (Zəbur, 50:19)
Onların ağzı yalan danışar, sağ əllərini qaldırıb yalan yerə and içərlər. (Zəbur, 144:8)
Nifrətini gizləyən adamın dodaqları yalançıdır. Böhtan atan ağılsızdır. (Süleymanın məsəlləri, 10:18)
Doğru adamın dili saf gümüş kimidir, pisin niyyəti isə dəyərsizdir. Doğru adamın sözləri bir çoxlarını bəsləyər, axmaqlar isə  ağıl yoxluğundan ölər. (Süleymanın məsəlləri, 10:20-21)
Dürüst cavab gerçək dostluğun işarəsidir. (Süleymanın məsəlləri, 24:26)
… Düz yolda gedib doğru-dürüst danışan… yüksəklərdə oturacaq; uçurumun başındakı qalalar onu qoruyacaq, çörəyi veriləcək və heç susuz qalmayacaq. (Yeşaya, 33:15-16)
Etməyiniz lazım olanlar bunlardır: Bir-birinizə doğrunu söyləyin… (Zəkəriyyə, 8:16)

 

 

Tövratda hikmətli və yığcam danışmaq

Müdrik adamın ağzından çıxan sözlər dərin sular kimi, müdriklik bulağı da coşğun bir çay kimidir. (Süleymanın məsəlləri, 18:4)
Müdriklərə ağıllı deyilər, şirin söz inam gücünü artırar… Müdrikin ağlı dilinə yön verər, dodaqlarının inam gücünü artırar. (Süleymanın məsəlləri, 16:21, 23)
Padşah Süleyman dünyanın bütün padşahlarından daha zəngin, daha müdrik idi. Allahın Süleymana verdiyi müdrikliyi dinləmək üçün bütün dünya onu görmək istəyirdi. (1 Padşahlar, 10:23-24)
Axmaq əsəbiləşdiyini dərhal bəlli edər… Düşünmədən deyilən sözlər qılınc kimi kəsər, müdriklərin dili isə şəfa verər. (Süleymanın məsəlləri, 12:16, 18)
Ehtiyatlı adam biliyini özünə saxlayar, halbuki ağılsızın ürəyi axmaqlığını elan edər. (Süleymanın məsəlləri, 12:23)
Axmağın sözləri kürəyinə kötəkdir, amma müdrikin dodaqları özünü qoruyar. (Süleymanın məsəlləri, 14:3)
Müdrikin dili bilikdən yaxşı istifadə edər, ağılsızın ağzından isə axmaqlıq axar. (Süleymanın məsəlləri, 15:2)
Müdriklərin dodaqları bilgi yayar, amma ağılsızların qəlbi elə deyil. (Süleymanın məsəlləri, 15:7)
Uyğun cavab sahibini xoşbəxt edər, yerində deyilən söz nə gözəldir! (Süleymanın məsəlləri, 15:23)
Ağıllı adamın dodaqlarından müdriklik axar, amma ağıldan məhrum olan kürəyindən kötək yeyər. Müdrik adam bilgi yığar, axmağın ağzı isə onu müsibətə yaxınlaşdırar. (Süleymanın məsəlləri, 10:13-14)
Başqasını kiçik görən ağıldan məhrumdur, ağıllı adam isə dilini tutar. (Süleymanın məsəlləri, 11:12)
Bilikli adam az danışar, ağıllı adam sakit ruhludur. Çənəsini tutub susan axmaq belə müdrik və ağıllı sayılır. (Süleymanın məsəlləri, 17:27-28)
Dolanışığı olmayan adam öz mənfəətinin arxasınca qaçar, yaxşı öyüdə həmişə qarşı çıxar. Ağılsız adam bir şey anlamaqdan çox öz fikirlərini deməkdən xoşlanar. (Süleymanın məsəlləri, 18:1-2)
Çoxlu qızılın, ləl-cəvahiratın ola bilər, amma bilikdən danışan dodaqlar daha qiymətlidir. (Süleymanın məsəlləri, 20:15)
(ləyaqətli qadının) ağzından müdriklik axar, dili yaxşılıq nəsihət edər. (Süleymanın məsəlləri, 31:26)
Dilini tutan canını qoruyar, amma boşboğazın sonu müsibətdir. (Süleymanın məsəlləri, 13:3)
Allah Süleymana müdriklik, dərin bir duyğu, sahillərdəki qum qədər anlayış verdi. Süleymanın müdrikliyi bütün şərqlilərin və misirlilərin müdrikliyindən daha üstün idi... Üç min məsəli və min beş mərsiyəsi vardı. Livan sidr ağacından ta divarlarda bitən mərzə otuna qədər bütün ağaclardan danışdığı kimi heyvanlar, quşlar, sürünənlər və balıqlardan da danışa bilirdi. Süleymanın müdrikliyini eşidən dünyanın bütün şahları ona adamlarını göndərirdi. Bütün xalqlardan insanlar gəlib Süleymanın müdrik sözlərini dinləyirdi (1 Padşahlar, 4:29-34)

 

 

Tövratda pis sözdən uzaq olmaq, gözəl sözlü olmaq

Nəvazişli dil həyat verər, əyri dil isə ruhu yaralayar. (Süleymanın məsəlləri, 15:4)
Xoş sözlər bal kimidir, cana şirin və bədənə şəfadır. (Süleymanın məsəlləri, 16:24)
Yumşaq cavab qəzəbi yatırar, halbuki yaralayıcı söz qəzəbi alovlandırar. (Süleymanın məsəlləri, 15:1)
Səbirlə bir hökmdar belə razı salınar, şirin dil ən güclü müqaviməti qırar. (Süleymanın məsəlləri, 25:15)
Narahat ürək insanı məhv edər, amma gözəl söz sevindirər. (Süleymanın məsəlləri, 12:25)
… Qərarlıyam, ağzımdan pis söz çıxmaz. (Zəbur, 17:3)
Ağzı lənət, hiylə və zülmlə doludur, dilinin altında pislik və fəsad gizlənmişdir. (Zəbur, 10:7)
Onlar ürəklərində pislik hazırlayar, döyüşü davamlı qızışdırar, ilan kimi dillərini bilərlər, gürzə zəhəri var dodaqlarının altında. (Zəbur, 140:2-3)
Allahsız adam başqalarını ağzı ilə müsibətə aparar, halbuki doğrular bilgi sayəsində xilas olar… Dürüstlərin xeyir-duasıyla şəhər inkişaf edər, amma pislərin ağzı şəhəri yerlə bir edər. (Süleymanın məsəlləri, 11:9, 11)
Onlar dillərini qılınc kimi itiləmiş, acı sözlərini pusqularından günahsız insanın üzərinə atmaq üçün ox kimi hədəfə yönəltmişlər. Heç çəkinmədən qəflətən vurarlar. Dilləri ucbatından müsibətə uğrayacaqlar… (Zəbur: 3-4, 8)
Doğru adamın ağlı cavabını yaxşı düşünər, pisin ağzı pislik saçar. (Süleymanın məsəlləri, 15:28)
Pis adam fəsad dolu dodaqları dinləyər, yalançı da təxribatçı dilə qulaq asar. (Süleymanın məsəlləri, 17:4)
... Ürəklərinə toxunacaq gözəl sözlərlə onlara güvən verdi. (Yaradılış, 50:21)
Ürəyimdən gözəl sözlər daşır... Dilim dahi bir yazıçının qələmi kimi olsun. (Zəbur, 45:1)

 

 

Tövratda yaxşılığa çağırmaq, pislikdən çəkindirmək

Qardaşına ürəyində nifrət bəsləməyəcəksən. Qonşun günah işləyərsə, onu xəbərdar edəcəksən. Yoxsa sən də günah işləmiş olarsan. (Levililər, 19:17)
Ağzından müdriklik axar, dili yaxşılıq nəsihət edər. (Süleymanın məsəlləri, 31:26)
Doğru adam yoldaşına da yol göstərər, pisin tutduğu yol isə özünü sapdırar. (Süleymanın məsəlləri, 12:26)
Atalarınız kimi davranmayın! Əvvəlki peyğəmbərlər "Hər şeyə hakim Rəbb pis yollarınızdan və pis işlərinizdən dönün deyir" deyərək onları xəbərdar etdilər. Lakin onlar dinləmədilər, mənə diqqət yetirmədilər... (Zəkəriyyə, 1:4)
"Qardaşlar, gəlin bu pisliyi etməyin" dedi. (Yaradılış, 19:7)
Məni dinlə, sənə öyüd verim. Allah səninlə olsun... (Misirdən çıxış, 18:19)
… "Xeyr qardaşlarım, xahiş edirəm belə bir pislik etməyin… belə bir alçaqlıq etməyin… adama bu pisliyi etməyin" (Hakimlər, 19:23-24)
Pislik hazırlayanın ürəyi hiyləgər, sülhü nəsihət edənin ürəyi isə sevinclidir. (Süleymanın məsəlləri, 12:20)
Bundan ötrü onları xəbərdar et ey adəm oğlu, onları xəbərdar et. (Yezekel, 11:4)
Qalx… o böyük şəhərə get və xalqı xəbərdar et… (Yunis, 1:1-2)
… Məni buraxıb başqa ilahlara qulluq etdilər… Onları açıq şəkildə xəbərdar et… (1 Şamuel, 8:8-9)
(Davud:) Pislikdən çəkinin, yaxşılıq edin; xoşbəxtliyi məqsəd bilin, ardınca gedin. (Zəbur, 34:14)
(Əyyub:) Ağzımdan çıxan sözlərlə ürəkləndirib dodaqlarımdan çıxan təsəlli verən sözlərlə sakitləşdirərdim sizi. (Əyyub, 16:5)

 

 

Tövratda mənasız söz söyləməkdən çəkinmək

Hər əmək qazanc gətirər, amma mənasız söz yoxsulluğa aparar. (Süleymanın məsəlləri, 14:23)
… Kefinizə baxmayıb, mənasız mövzularla məşğul olmayıb o günü ucaltsanız, Rəbbdən zövq alarsınız... (Yeşaya, 58:13-14)
Müdrik adam mənasız sözlərlə cavab verərmi, qarnını şərq küləyi ilə doldurarmı? Mənasız sözlərlə mübahisə edib faydasız söhbət edərmi? (Əyyub, 15:2-3)
Buna görə hakim Rəbb belə deyir: "Söylədiyiniz mənasız sözlərə, gördüyünüz yalan fikirlərə görə sizə qarşıyam" Belə deyir hakim Rəbb. (Yezekel, 13:8)
… Elə isə niyə boş-boş danışırsınız? (Əyyub, 27:12)
… Mənasız danışıb fəsad yığır içində, sonra çölə çıxıb fəsadı yayır. (Zəbur, 41:6)
… Sizə uydurma fikirlərdən, falçılıqdan, mənasız şeylərdən, ağıllarından keçən xəyallardan danışırlar. (Yeremya, 14:14)
Mənasız sözlərlə mənə necə təsəlli veririsiniz? Cavablarınızdakı tək nəticə yalandır. (Əyyub, 21:34)

 

 

Tövratda qeybətdən uzaq olmaq

Kəmhövsələ adam nifaqı qızışdırar, qeybətçi can dostlarını ayırar. (Süleymanın məsəlləri, 16:28)
Odun bitəndə atəş sönər, qeybətçi yox olunca döyüş dayanar. Köz üçün kömür və atəş üçün odun nədirsə, ixtilafı alovlandırmaq üçün də davakar elədir… (Süleymanın məsəlləri, 26:20-22)
Qeybətçi sirr saxlaya bilməz, bu səbəblə ağzı zəif olanla yoldaşlıq etmə. (Süleymanın məsəlləri, 20:19
Qeybətçi sirr saxlaya bilməz, halbuki etibarlı insan sirdaş olar. (Süleymanın məsəlləri, 11:13)
Xalqının arasında insanları çəkişdirib gəzməyəcəksən. Qonşunun canına zərər verməyəcəksən. Rəbb Mənəm. (Levililər, 19:16)
Hamısı  çox dikbaşdır, insanları çəkişdirib gəzən insanlardır. Tunc və dəmir qədər qatıdırlar. Hamısı başdan çıxmışdır… Rəbb onları rədd etdi. (Yeremya, 6:28, 30)

 

 

Tövratda tövsiyə edilən digər danışıq formaları

Sabahla öyünmə, çünki nə gətirəcəyini bilə bilməzsən. Səni öz ağzın deyil, başqaları tərifləsin; öz dodaqların deyil, başqası tərifləsin. (Süleymanın məsəlləri, 27:1-2)
Artıq böyük danışmayın, ağzınızdan qürurlu sözlər çıxmasın. Çünki Rəbb hər şeyi bilən Allahdır; Odur davranışları ölçən. (1 Şamuel, 2:3)
Dinləmədən cavab vermək axmaqlıq və rüsvayçılıqdır. (Süleymanın məsəlləri, 18:13)
Sevgi istəyən adam günahları bağışlayar, qeybətçi isə can dostlarını ayırar. (Süleymanın məsəlləri, 17:9)
… Yaltaqlanan ağızdan müsibət gələr. (Süleymanın məsəlləri, 26:28)
Ağılsızın dodaqları ixtilafı, ağzı da kötəyi gətirər. Ağılsızın ağzı özünü məhv edər, dodaqları da canına tələdir. (Süleymanın məsəlləri, 18:6-7)
İnsan ağzının məhsulu ilə yaxşılığa çatar, əlinin əməyinə görə də qarşılığını alar. (Süleymanın məsəlləri, 12:14)
Yaxşı insan ağzından çıxan sözlərə görə mükafatlandırılar, amma xainlərin nəfəsi zülmdür. (Süleymanın məsəlləri, 13:2)
… Allahın hüzurunda düşünməyi əngəlləyirsən. Çünki günahın ağzını səsləndirir, hiyləgərlərin dili ilə danışırsan. Öz ağzın səni günahlandırır, mən deyil, dodaqların sənə qarşı şahidlik edir. (Əyyub, 15:4-6)
Pis adamın günahkar sözləri özü üçün tələdir, amma düz adam çətinliyi sovuşdurar. (Süleymanın məsəlləri, 12:13)

Susdursun Rəbb yaltaqların ağzını, qürurlanan dilləri. Onlar "Dilimizlə qazanarıq, dodaqlarımız əmrimizdədir, kim bizə ağalıq edə bilər?" deyirlər. (Zəbur, 12:3)

 

Geri